h1

ASAIF sədri: “Xaricdə təhsil alan azərbaycanlı gəncin həmin ölkədə qalması itki sayılmamalıdır”

March 16, 2012

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədri Orxan Əkbərovun APA-ya müsahibəsi :

– Azərbaycan gənclərinin dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alması prosesini necə qiymətləndirirsiniz?

– Məsələyə müqayisəli yanaşdıqda deyə bilərəm ki, təhsil aldığım dövrdə dövlət xətti ilə təhsil proqramı yalnız bir neçə ölkəyə tətbiq olunurdu. Bu proses zamanı isə tələbələrimiz müxtəlif çətinliklərlə üzləşirdi. Məsələn, təqaüd o qədər az idi ki, işləmək məcburiyyətindı qalırdıq. Digər tərəfdən, Azərbaycanın təbliği üçün işləmək, ölkəmizi təmsil etmək lazım olurdu. Bütün bunlar üst-üstə toplanırdı və bəzən bir tələbə üçün fiziki cəhətdən mümkün olmayan bir hala çevrilirdi. Bu gün isə dövlət büdcəsinin hesabına Azərbaycan gəncləri dünyanın 40-dan çox ölkəsində, ən yaxşı ali məktəblərdə təhsil ala bilir. Onlara verilən təqaüd imkan verir ki, bizim tələbələr təhsildən başqa kənar işlərlə məşğul olmasınlar. Bunu konkret misallarla da göstərmək olar. Diqqətə çatdırım ki, dövlət proqramı çərçivəsində 5 min gənc xarici ölkələrin tədris müəssisələrinə təhsil almaq üçün göndərilməlidir. Hazırda 1100 nəfərdən bir qədər çox gənc bu proqramdan istifadə edib. Deməli 3900 gəncin bu proqramdan sitifadə etmək şansı var. Bu, böyük rəqəmdir. Düşünürəm ki, 5000 tələbə ölkəmizin gələcəyinə böyük töhfələr verə bilər.

– Artıq dövlət proqramı üzrə təhsilini yekunlaşdıraraq ölkəyə qayıdanlar var. Bu gənclərin işlə təmin olunması məsələsi qaneedicidirmi?

– Bununla bağlı monitorinqlərimiz olur. Əlbəttə, xaricdə təhsil alıb ölkəsinə dönən gəncin qısa zamanda işlə təmin olunması həmişə reallaşmır. Bu məsələdə gənclərimizin məsələlərə baxışı da fərqlidir. Bəzən ölkəsinə dönən gənc 1 həftə ərzində işə düzələ bilir, bəzən isə bu müddət 1 il çəkir. Burada onun yiyələndiyi ixtisas, istək və tələbləri, arzuları da xüsusi rol oynayır. Bəzən isə xaricdə təhsil alıb ölkəsinə qayıdan şəxsin yanaşması ilə Azərbaycan standartları üstü-üstə düşməyə bilir. Bu məsələdə birmənalı söz demək olmaz. Xaricdə təhsil alıb qayıdan gənclərimiz özəl sektora daha çox üstünlük verirlər. Səbəb özəl sektorda məvacibin daha yuxarı olmasıdır. Ən yaxşı hal gənclərin iş yeri ilə bağlı seçiminin olmasıdır. Əslində xaricdə təhsil alan gəncin həmin ölkədə qalması da itki sayılmamalıdır. Bu şəxslər illər keçdikcə Azərbaycan üçün lobbiçilik missiyasının həyata keçirilməsində fəaliyyət göstərə biləcək potensial soydaşımız olacaqlar.

– Bu proqramın icrası ilə bağlı əlavə təklifləriniz varmı?

– 5 min gəncin xaricdə təhsil alması çox müsbət haldır. Bununla bağlı bir təklifimiz yoxdur. Amma bəzi universitetlərin və ixtisasların siyahıya salınması ilə bağlı təklifimiz var. Bütün bunların öz əksini tapdığı təkliflər paketi hazırlamışıq. Yaxın vaxtlarda bu təkliflərimizi müvafiq qurumlara təqdim edəcəyik. Bu siyahıda Azərbaycan üçün əhəmiyyətli olan ixtisaslar var ki, gənc kadrlara olan ehtiyac nəzərə alınmalıdır. Etiraf etməliyik ki, bəzən kadr problemi ilə də üzləşirik.

– Təmsil etdiyiniz təşkilatın növbəti forumunun keçirilməsi gözlənilir. Bu tədbir nə ilə yadda qalacaq?

– İlk forum 2011-ci ildə Strasburqda Avropa Şurasının binasında keçirilmişdi. Çox maraqlı tədbir kimi yadda qalmışdı. Növbəti forumun aprelin 6-7-də Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi nəzərdə tutulub. Diaspor və lobbiçilik fəaliyyətinin yeni metodlarına yiyələnmək, inkişaf prosesində aktiv iştirak etmək, o cümlədən ortaq azərbaycançılıq məfkurəsi ətrafında toplaşmaq üçün forum çox gözəl bir platformadır. Forum çərçivəsində gənclərimizin Avropa ölkələrindəki səfirlərlə görüşü, Azərbaycan-Macarıstan gənclər təşkilatlarının birgə müzakirələri təşkil ediləcək. Bu da ölkələrimiz arasında inteqrasiyada mühüm rol oynaya bilər. Forumun rəsmi açılışı isə Macarıstan parlamentində keçiriləcək. Hesab edirəm ki, bu forum zəngin proqramla yadda qalacaq.

qaynaq : http://az.apa.az/xeber_Orxan_Ekberov:_%E2%80%9CXaricde_tehsil__254477.html

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: